20-ci Azərbaycan kubokunun əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatan final oyununda "Neftçi" "Xəzər Lənkəran"ı oyunsonrası penaltilərdə 5-3 hesabı ilə məğlub edərək mövsümü qızıl dublla başa vurdu. Oyundan sonra təşkil olunmuş mətbuat konfransında komandaların baş məşqçiləri fikirlərini bölüşüblər.Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Finalda
uduzmaq çox məyusedicidir. Həm də penaltilər seriyasında. Bu cür final
karyeramda üç dəfə olub. Əvvəl “Real” (Sosyedad) və “Beşiktaş”la qələbə
qazansam da, bu dəfə penaltilərdə üzüldüm. “Neftçi” futbolçularını təbrik etmək
və Saşa Stamenkoviçə demək istəyirdim ki, bizim futbolçular
penalti vuran zaman onun hərəkətləri yolverilməz idi. “Qarabağ” və “İnter”ə
qarşı oynamamışıq, onların oyunları haqqında heç nə deyə bilmirəm. “Neftçi” oyunu
ilə sübut etdi ki, bu mövsüm ən yaxşı komandadır. “Neftçi”yə Çempionlar
Liqasında uğurlar arzulayıram. Azərbaycan çempionatı yeni inkişafda olan
çempionatdır. Gələn mövsüm bizim daha çətin olacaq, güclü rəqiblərə qarşı
mübarizə aparacağıq”. Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Hakim qapıçıya
qapıda yeri tutmaq haqda göstəriş verəndən sonra Stamenkoviç buna əməl etməzsə,
cəzalana bilər. Onun 11 metrlik cərimə zərbəsinə həssaslığı var. Bu,
Stamenkoviçin serbsayağı uğur nişanıdır. Mən rəqib komandanın taktiki
düzülüşünü görən kimi Con Toşakın ikiqat müdafiə ilə oynadığını bildim. Meydana
8 müdafiəçi ilə çıxmışdılar. “Turan”, “Kəpəz” və “Sumqayıt”la oyunlarını izləmişdim.
Açıq futbol oynasaydılar onlar üçün ağır olardı. Toşak da təcrübəsinə güvənib
müdafiə futbolu oynadı. 100%-lik qol epizodu yarada bilmədilər. Əvəzetmələr
komandanın oyununu gücləndirə və ya sındıra bilər. Əlimin altında olan
futbolçuların nəyə qadir olduğunu bilirəm. Antalyada gündə 3 dəfə məşq edəndə bəzi
insanlar buna qəribə yanaşdılar. Bunun nəticəsini indi gördük. Cavid İmamverdiyev
xəyallar dünyasında yaşayır. Mitreski mənim istədiyim oyun fəlsəfəsinə uyğun
futbolçudur”.
|