![](uploads/inter.jpg) Topaz Premyer Liqasının 32-ci turunda “İnter” doğma meydanda
“Qəbələ”ni minimal hesabla məğlub etdi – 1:0. Bakılıların qələbə qolu Ramil
Mansurovun aktivindədir.
Luis Araqon, “Qəbələ” klubunun məşqçisi: “Mövsüm başa çatdı,
son oyunumuzda qalib gəlmək istəyirdik. Bundan öncəki oyunlarda uğurlu çıxış
etmişdik. İlk hissədə üstün tərəf idik. Bir neçə qol imkanından yararlana
bilmədik. İkinci hissədə bərabər səviyyəli oyun getdi. Rəqib əks-hücumda qələbə
qolunu vurdu. Əvəzedici komandamızdan əsas heyətə cəlb etdiyimiz futbolçuların
oyununu bəyəndim. Tərzin Cahangirov və Kamal Mirzəyevin gələn mövsümdən əsas
heyətdə çıxış edə biləcəklərini düşünürəm”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Komandamı
oyuna və qazanılan qələbəyə görə təbrik edirəm. Son oyun olmasına baxmayaraq,
futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Bu, əsl peşəkarlıqdır. Komandada
gələn il çox dəyişikliklər olacaq, layiqli futbolçular axtarışındayıq. Hər bir
komandanın qarşısında minimal və maksimal hədəflər durur. Biz həmişə
çempionluğa oynamışıq. Təəssüf ki, bu il alınmadı, üçüncü yeri tutduq. Lakin
komandamın bu nəticəsini çox yaxşı sayıram. Minimal xərclə maksimum uğur əldə
etməyə çalışırıq. Oyunumuzda daha çox ustalıq çatışmır. Transfer siyasətində daha
diqqətli olacağıq. Ustalıq səviyyəsi yüksək olan futbolçular transfer etməliyik”.
|