Azərbaycan
kubokunda 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində “Bakı” “Xəzər Lənkəran”
komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyun paytaxt
təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Komandamın oyunu məni məyus
etdi. Cütün taleyi ilk oyunda həll ola bilərdi. Yaxşı oynamadıq, hesab 0-3 də
ola bilərdi. Rəqib komandanın məşqçisinin yerinə olsaydım 1-0 hesabına üzülərdim.
İlk hissədə nizamlı oynasaq da, ikinci hissədə yorğunluq öz sözünü dedi.
Qapıçımız Orxan Sadıqlının oyunu bizi böyük hesablı məğlubiyyətdən xilas etdi.
Rəqib qapısına doğru çərçivəyə düşən zərbəmiz, demək olar ki, olmadı. 0-1 hesabı
ilə məğlub olsaq da, cavab oyununda mərhələ keçəcəyimizə ümidimiz var”.
Bojidar Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Qalib gəldiyimiz üçün şadam.
Komandam yaxşı oynadı. Rəqib meydana 3-5-2 taktiki sxemi ilə çıxmışdı. Bu da
bizim müdafiə xətti üçün müəyyən çətinliklər yaratdı. Bu cür oynayan komandaya
qarşı səbrli olub, tez-tez hücum cinahlarını dəyişmək lazımdır. Biz bunu yalnız
ikinci hissədə bacardıq. Qol imkanlarımız çox oldu, rəqib qapısına doğru
vurduğumuz 20-yə yaxın zərbədən 9-u qapı çərçivəsinə düşdü. Qarşıda cavab
oyunumuz var. Gənc məşqçi olaraq Con Toşaka qarşı mübarizə aparmaq çox gözəldir.
Ona yeni işində uğurlar arzu edirəm. Fikrimcə, komandaya uyğunlaşmaq üçün
zamana ehtiyacı var”.
|