![](uploads/seriyalar.jpg) Topaz Premyer Liqasının XXIV turunda “Simurq”la səfər oyununda 1:0 hesabı ilə qalib gələn “Bakı” 2013-cü ildəki məğlubiyyətsizliyini davam etdirib. Paytaxtın eyniadlı təmsilçisi bu il keçirdiyi 9 qarşılaşmada yenilməyib. Bakılılar 7 çempionat və 2 kubok qarşılaşmasında 4 qələbə qazanıb və 5 heç-heçə edib. Bojidar Bandoviçin yetirmələri bu görüşlərdə 14 top vurub və öz qapısından 6-nı buraxıb. “Bakı” sonuncu dəfə ötən il dekabrın 22-də “İnter”lə çempionat matçında uduzub – 0:1. Həmin səfər yenilgisindən sonra davam edən seriya isə artıq rekord həddə çatıb. Bu, “Bakı”nın son 4 ildə ən uğurlu seriyasıdır. 2008/09 mövsümündə Azərbaycan çempionu adını qazanan paytaxt klubu ondan sonra heç vaxt indiki kimi uğurlu çıxış etməyib. “Altılıq” sisteminə keçiddən sonrakı 4 mövsümdə ən yaxşı halda ardıcı 8 oyun uduzmamışdı. Bu seriya 2010-cu ilin əvvəlinə təsadüf etmişdi. İndi isə 9 oyunluq seriya ilə çempionluqdan sonra ən yaxşı göstərici əldə edildi.
|