![](uploads/49881fddfff.jpg) Bu gün Azərbaycan Kubokunun final qarşılaşmasının oyunöncəsi mətbuat konfransları və "Zirə" klubunun açıq məşqi baş tutub. "Liv Bona Dea Arena"da baş tutan tədbirlərdə "Qarabağ" və "Zirə" klublarının baş məşqçiləri - Qurban Qurbanov və Rəşad Sadıqov, Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev, klubların mətbuat katibləri iştirak ediblər.
Əvvəlcə "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin qarşısına çıxıb: "Zirə"yə qarşı oyun asan olmayacaq. "Zirə" çempionatın ikinci komandasıdır. Onlara qarşı oynamaq həmişə çətindir. Oyuna pis hazırlaşmamışıq. Penaltilər seriyasına isə psixoloji hazırlaşmaq lazımdır. Ümumiyyətlə, final oyunlarına fərqli yanaşıram. Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik.”
Daha sonra "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb: "Matça yüksək ajiotaj var. Bunu biletlərin satışından bilirik. Azarkeşlər oyuna maraq göstərirlər. İkinci dəfədir ki, "Qarabağ"la qarşılaşırıq. Ötən dəfə penaltilər seriyasında rəqib qazandı. Avropa Liqasının 1/8 finalına yüksəlmiş komanda ilə oynayacağıq. Rəqibə layiqli müqavimət göstərməyə çalışacağıq".
Sadıqovun mətbuat konfransının ardınca "qartalların" açıq məşqi baş tutub.
Qeyd edək ki, Azərbaycan Kubokunun final qarşılaşması - "Qarabağ" - "Zirə" oyunu 2 iyun saat 20:00-da "Liv Bona Dea Arena"da baş tutacaq.
|