Topaz Premyer Liqasının 19-cu turunda səfərdə AZAL-la
qarşılaşan “Simurq” 1-1 hesablı heç-heçəyə nail oldu. Bu nəticə ilə “İnter”lə xallarını
bərabərləşdirən Zaqatala təmsilçisi şəxsi göstəricilərə görə ilk pilləyə yüksəldi.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Hər iki
komandaya xallar lazım idi. Çətin oyun oldu. Oyunumuzu müdafiədən qurduq, rəqibi
əks-hücumda tutmaq istəyirdik. Futbolçumuzun qırmızı vərəqə alması işimizi çətinləşdirdi.
Lakin komanda sona kimi mübarizə apardı. Bizim üçün hər oyun vacibdir. Yeni
transfer Buşiç komandaya gec qoşuldu, tam uyğunlaşandan sonra daha yaxşı
oynayacağına inanıram”.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “İlk altılığa
düşmək üçün mübarizə aparmalıyıq. Komanda oynayır, qol epizodları yaradır,
lakin bundan istifadə edə bilmir. Üstünlüyü qola çevirmək üçün futbolçularımızda
ustalıq çatışmır. Kobud səhvdən qapımızda qol gördük. Rəqibə əks-hücumlarda çox
imkan verdik. Son tura kimi ümidimiz var. Qarşıdakı dörd oyunda ancaq qələbəyə
oynayacağıq”.
|