Topaz Premyer Liqasının XIV turunda “Qarabağ” doğma meydanda
“Turan”ı qəbul etdi. İlk hissəsi qolsuz heç-heçə ilə başa çatan qarşılaşmada tərəflər
ikinci hissədə hərəyə bir dəfə fərqləndilər – 1:1.
Əfqan Talıbov, “Turan” klubunun baş məşqçisi: “”Qarabağ”ın
oyununu təhlil etmişdik. Rəqibin hansı üslubda oynadığını, hansı keyfiyyətlərə
malik olduğunu bilirdik. Mərkəzdə Riçard Almeydanı nəzarətdə saxlamaq üçün
xüsusi oyunçu ayırmışdıq. Mən deyərdim ki, o futbolçu üzərinə düşən vəzifəni
yerinə yetirdi. Futbolçulara ilk hissədə sırf hesabı qorumaq tapşırığı
vermişdim. Lazım olanda əks-hücumlara qoşulmalı idik. Komanda birinci hissədəki
vəzifəni yerinə yetirə bildi. İkinci hissədə Ballonu meydana buraxdım. O da əlinə
düşən ilk fürsətdə qol vurdu. “İnter”lə oyundakı səhvlər üstündə xeyli işləmişdik.
İkinci hissədə daha yaxşı təsir bağışladıq. 1:1 pis nəticə deyil. Millinin
oyunu ilə əlaqədar Popoviçə istirahət vermişdik. Bizim də ilk “altılıq”
iddiamız var, niyə də olmasın? “Turan” buna
qadir komandadır”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “”Turan”ın
çətin rəqib olduğunu bilirdik, bu oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, qələbə
qazana bilmədik. Uşaqlar sonadək mübarizə apardı, onları qınaya bilmərəm. Rəqib
komandanın futbolçuları oyunun vaxtını uzadaraq tempi aşağı salırdılar”.
|