Topaz Premyer Liqasının 13-cü turuna “Rəvan”
– AZAL qarşılaşması ilə yekun vuruldu. Oyunun sonlarına yaxın Nuran Qurbanovun
vurduğu qolla rəqibini 1-0 hesabı ilə məğlub edən “Rəvan” turnir cədvəlində
AZAL-ı qabaqlamağa müvəffəq oldu.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Hər
iki komanda hücum futboluna üstünlük verdi, oyun maraqlı keçdi. “Rəvan” ilk
altılığa düşmək üçün əlindən gələni edir. Biz də bu məqsədə nail olmaq üçün
bugünkü oyunda qələbə qazanmalı idik. Oyun boyu üstün oynasaq da, qol vura bilmədik.
Kobud səhvlərimiz davam edir. “Rəvan”ın əks-hücumda oynayacağını təxmin
edirdik, təəssüf ki, bu, belə də oldu. İnanıram ki, hər iki komanda ilk
altılığa düşmək üçün sonadək mübarizə aparacaq”.
Kemal Alispahiç, “Rəvan” klubunun baş məşqçisi:
“AZAL çox yaxşı komandadır, güclü baş məşqçiləri var. Komandamdan razıyam, bu
gün yaxşı oyun göstərdik. İlk iyirmi dəqiqədə qapımız ağzında təhlükəli
epizodlar yaransa da, taktiki cəhətdən yaxşı oynadıq. AZAL rəqib meydanında
pressinq tətbiq edən komandadır. Lakin müdafiə xəttimiz və dayaq yarəmmüdafiəçimiz
uğurlu çıxış etdi. Oyun heç-heçə bitsə idi, bunu hər iki komanda üçün uğurlu nəticə
saymaq olardı. Biz bu gün qalib gəldik, nəticədən razı qaldım”.
|