Topaz Premyer Liqasının X turunun ilk oyun gününə Zaqatalada
keçirilən “Simurq” – AZAL oyunu ilə yekun vuruldu. Oyun gedişində hesabda geri
düşən ev sahibi komanda əlavə olunmuş dəqiqələrdə bərabərlik qolunu vuraraq
növbəti xalını aktivinə yazdı – 1:1.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Çox baxımlı oyun
oldu, üç oyundur ki, qalib gələ bilmirik. “Simurq” bir daha göstərdi
ki, çempionatın lideri olaraq qalır. Komandam yaxşı oynadı. Qarşıda bizi daha çətin
oyunlar gözləyir”.
Giorgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyun gərgin
məcrada keçdi. İlk hissədə oyunçularımız çoxlu səhvlər etdilər. Lakin ikinci
hissədə uşaqlar özlərini yaxşı tərəfdən göstərdilər, yaxşı oyun alındı. AZAL-a
qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
|